10.09.2018

"STEM Azərbaycanda 2018" Müəllim Konfransı keçirildi

    Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalib layihələrindən olan "STEM Azərbaycanda 2018" Müəllim Konfransı layihəsi regionun ilk STEM məzmunlu konfransı olaraq Sumqayıt şəhərində təşkil edildi. Məqsəd STEM təlim texnologiyasının yeni təhsil proqramına inteqrasiya edilməsi, təhsilverənləri XXI əsr bacarıqlarının formalaşdırılmasının əhəmiyyəti istiqamətində maarifləndirməklə, özündə müxtəlif STEM məzmunlu mövzular birləşdirən müəllim konfransının təşkil edilməsi olmuşdur. 

    Konfransda Respublikanın bir çox şəhər və rayonlarının müəllimləri aktiv şəkildə iştirak etdilər. Konfrans çərçivəsində çap olunmuş məqalələr sırasında Türkiyə və Gürcüstandan da distant olaraq iştirak edənlər oldu. 

    Konfransı giriş sözü ilə Sumqayıtv şəhər 1 nömrəli tam orta məktəbin fizika müəllimi, layihə rəhbəri A.Əhmədova açdı. H.Əliyev adına MTK-nın fizika müəllimi Q.Şərifov "Şagirdlərin şəxsiyyətyönümlü inkişafında STEM-in rolu", Lego Mindstorms EV3 və Robotix üzrə mütəxəssis İ.Hacıyeva "STEM əsaslı təlim prosesində Lego Mindstorms EV3 və Robot texnologiyası", AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun doktorantı G.Hüseynzadə "Tədris və tətbiqin vəhdəti - STEM", "Azərbaycanda STEM müəllimi" müsabiqəsinin qalibi, 221 nömrəli tam orta məktəbin informatika müəllimi İ.Həmidova "STEM şagirdləri gələcəyin yaradıcı ınsanı" mövzusunda çıxışlar etdilər.

    Konfransın qonaqları sırasında Təhsil Nazirliyinin TSİİ-nin rəis müavini A.Abuşov, Sumqayıt Təhsil Şöbəsinin metodistləri, Bakı Şəhər Təhsil İdarəsi nəzdində Təlimə Dəstək Mərkəzinin direktor müavini Z.Ələkbərova, Bakı Dövlət Universiteti, Sumqayıt  Dövlət Universiteti, Qərb - Kaspi Universiteti və Hədəf STEM liseyinin nümayəndələri, məktəb direktorları olmuşdur.