Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin yekununa əsasən Sumqayıt şəhərində həyata keçiriləcək fərdi kateqoriya üzrə qalib layihələrdən biri “Çağırışaqədərki hazırlıq müəlliminə mentor dəstəyi” layihəsidir. Layihənin rəhbəri Sumqayıt şəhər İnternat tipli gimnaziyanın Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Vasif Ramazanovdur.
Layihənin məqsədi Sumqayıt şəhərinin Gənclərin çağırışaqədərki hazırlığı müəllimlərinə müasir təhsilin və cəmiyyətin tələbləri ilə uyğunlaşması üçün geniş spektrli pedaqoji mentor dəstəyinin təmin edilməsidir.
Layihənin vəzifələri olaraq Gənclərin çağırışaqədərki hazırlığı fənninin zəruri sənədlər üzrə metodik vəsaitinin hazırlanması, mentor saytı dəstəyinin təmin edilməsi, qabaqcıl təlim-tədris təcrübələrini bölüşmək və yaymaq, yeni təhsil proqramı, peşəkar ixtisasartırma və İKT üzrə təlimlərin təşkili və s. nəzərədə tutulmuşdur.
İyunun 20-dən iyulun 3-dək Çağırışaqədərki hazırlıq müəlliminə mentor dəstəyi təlimləri uğurla icra olunmuşdur. Layihənin gedişatı barədə məlumatlar layihənin saytında və Çağırışaqədərki Hazırlıq Müəllimlərinə Mentor Dəstəyi facebook sosial səhifəsində yer almışdır.
Qeyd edək ki, Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsini məqsədəuyğun hesab edib.