Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin nəticələri elan olundu. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Fərdi kateqoriya üzrə diqqət çəkən qalib layihələrdən biri, 1-ci qrant müsabiqəsi çərçivəsində uğurla həyata keçirilmiş “STEM Azərbaycanda” layihəsinin məntiqi davamı olan “STEM Azərbaycanda 2018” Müəllim Konfransı layihəsidir.
Layihənin rəhbəri Sumqayıt şəhəri, İ. Qayıbov adına 1 nömrəli məktəbin fizika müəllimi Aliyə Əhmədovadır.Layihənin icrası 20 iyun-20 sentyabr 2018-ci il zaman intervalında nəzərdə tutulmuşdur. Qafqaz regionunda ilk dəfə olaraq həyata keçiriləcək konfransın məqsədi STEM təlim texnologiyasının yeni təhsil proqramına inteqrasiya edilməsi, təhsilalanlarda 21-ci əsr bacarıqlarının formalaşdırılmasının əhəmiyyyəti istiqamətində maarifləndirməklə, özündə müxtəlif STEM məzmunlu panellər birləşdirən müəllim konfransının təşkil edilməsidir. Konfransın 2 sentyabr 2018-ci il tarixində keçirilməsi planlaşdırılmışdır. Konfrans barədə ətraflı məlumat və qeydiyyat forması layihənin saytında http://www.stemazerbaycanda.com yerləşdirilib.