Sumqayıtın Tarixi Muzeyi artıq yarım əsrdir ki, şəhərin tarixi ilə bahəm, respublikada cərəyan edən hadisələrin fövqündə çıxış etməklə onların çözülməsinə, yaddaşlardan silinməməsinə yardımçı olur.15 iyun--Milli Qurtuluş Gününün 25 illik tarixi ilə əlaqədar şəhərimizdə keçirilən tədbirlərdən özünü kənarda qoymayan Sumqayıtın Tarixi Muzeyi bu günlərdə ənənəvi layihələrdən birinə yenidən imza atmış oldu. İyunun 8-də şəhərimizin 1 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzi və Hədəf Təhsil Tədris Mərkəzi Sumqayıt filialı ilə birgə “Muzeyin dostları” adlı tədbir keçirdi. Tədbirə muzeyin dostları olan ilk quruculardan – Tərlan və Tamara Rufullayevlər, Qızıl Aypara Cəmiyyəti Sumqayıt Şəhər Bölməsinin sədri Mətanət Məhərrəmova, Sumqayıt Şəhər Təhsil Şöbəsi Metodmərkəzin direktor əvəzi Gülbahar Haqverdiyeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Eldar Hüseynov, Respublikanın Əməkdar İncəsənət xadimi Vaqif Nəzirov, rəssamlar - Nazir Pirməmmədov, İntiqam Ağayev, Nəsibə Şükürova, Hədəf Təhsil Tədris Mərkəzi Sumqayıt filialının müdiri Vüsal Heybətov, Respublikanın Əməkdar jurnalisti Rəhman Orxan, qabaqcıl mədəniyyət işçisi Nabil Zeynalov və başqaları dəvət alıblar.
Tədbiri giriş sözü ilə açan muzeyin əməkdaşı Səidə Səfərova faktlara söykənməklə 25 illik tarixi vərəqlədi. Sonra Hədəf Təhsil Tədris Mərkəzi Sumqayıt filialının müdavimlərinin iştirakı ilə muzeyin 50 illik tarixinə həsr olunmuş ədəbi-bədii kompozisiya mövzu ilə səsləşən muzey materialları əsasında hazırlanmış videoçarx tamaşaçılara təqdim olundu. Gülbahar Haqverdiyeva, Vüsal Heybətov, Rəhman Orxan, Nəsibə Şükürovanın çıxıları ilə davam edən tədbirdə daha sonra Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin “Təsviri incəsənət” dərnəyi üzvlərinin artıq ənənə halını almış, muzeyin mövzu ekspozisiyası əsasında rəngli boya ilə kartona köçürülmüş rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq baş tutdu.“Muzeyin gənc dostları” nominasiyası üzrə fəxri fərman, sertifikatların təqdimatı ilə yekunlaşan tədbirdə 45 nəfər iştirak edib.