18 fevral 2017-ci il tarixdə Təhsil naziri cənab Mikayıl Cabbarovun “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” ilə bağlı 1279 nömrəli, 16 dekabr 2014-cü il tarixli əmrinə əsasən Sumqayıt məktəbliləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsinin yazı mərhələsi keçirilib. Bu mərhələ Texniki və təbiət elmləri liseyində təşkil olunub.
19 fevral 2017-ci il tarixdə Sumqayıt Şəhər Təhsil Şöbəsində müsabiqənin II şifahi turu keçirilib. Tərkibində təcrübəli, mütaliəsi ilə fərqlənən müəllim və kitabxanaçıların, yaradıcılıqla məşğul olan, Azərbaycan və dünya ədəbiyyatını dərindən bilən, geniş mütaliəsi ilə fərqlənən şəxslərin olduğu təşkilat komitəsi təqdim olunan 172 yazı işindən 37 inşanı daha müvəffəq saymış və həmin şagirdlər şifahi turda iştirak etmək hüququ qazanıblar.
8, 9, 10, 11-ci sinifləri əhatə edən “Ədəbiyyat biliciləri” müsabiqəsində 12 nəfərin yazısı daha uğurlu qiymətləndirilib. 25 inşa yaradıcılıq baxımından “yaxşı” qiymətləndirilib. Qiymətləndirmə əsasən aşağıdakı meyarlar üzrə aparılıb:
- Azərbaycan ədəbiyyatı tarixinin dövrləri və hər bir dövr üzrə görkəmli ədəbi simalar, habelə dünya ədəbiyyatının məşhur nümayəndələri haqqında təsəvvürlərin genişliyi;
- Bütövlükdə ədəbiyyatın, eləcə də ədəbi əsərlərin və mütaliənin cəmiyyətdə və insan həyatında rolu və əhəmiyyəti;
- Həyat və yaradıcılığı ilə tanış olduqda ədəbi simalar və onların əsərlərinə şəxsi mövqedən yanaşılması, fərqli mülahizələrin yürüdülməsi;
- Azərbaycan və dünya ədəbiyyatında ən çox sevdiyi, həyatda bənzəmək istədiyi ədəbi qəhrəmanlar barədə şəxsi mülahizələrin yer alması;
- Öz rəyinə görə “Ədəbiyyat” dərsliklərinə daxil edilməsi zəruri hesab olunan yazıçılar haqqında rəylərin bildirilməsi;
- Ayrı ədəbi şəxsiyyətlərin yaradıcılıq xüsusiyyətləri və istiqamətlərinin oxşar və fərqli cəhətlərinin qeyd edilməsi;
- İstifadə olunmuş fikirlərin qismən original və lakonik xarakter daşıması.
Təbiət elmləri təmayüllü gimnaziyanın IX sinif şagirdi Əlipaşayeva Ləman, “İstedad” liseyinin X sinif şagirdi Cabbarlı Ümid və 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Əzizova Aydan təşkilat komitəsinin qərarı ilə şifahi və yazılı cavabların tamlığına görə müsabiqənin qalibi olub və Respublika mərhələsində iştirak etmək hüququ qazanıblar.