Sumqayıt şəhər ümumtəhsil məktəblərində dərs ilnin II yarımilindən etibarən internet üzərindən həyata keçirilən “Onlayn davamiyyət” sistemi işə başlayacaqdır. Davamiyyətin qeydiyyatı www.e-mekteb.info saytı vasitəsilə aparılacaqdır. İlkin olaraq şəhərin ümumtəhsil məktəblərində oxuyan 47 mindən çox şagirdin adlı siyahısı bazaya yerləşdirilmiş və hal-hazırda həmin siyahıların məktəblər tərəfindən dəqiqləşdirilməsi aparılır. Bunun üçün sistemə qoşulmuş bütün məktəblərə xüsusi şifrələr verilmiş və onların elektron poçt ünvanına təlimat göndərilmişdir.
“Onlayn davamiyyət” sistemi işə başladıqdan sonra gündəlik olaraq hər iki növbədə məktəblər üzrə şagirdlərin dərs məşğələlərinə davamiyyətinə həm Təhsil Şöbəsi, həm məktəb rəhbərliyi, həm də valideynlər tərəfindən operativ nəzarət imkanı yaranacaqdır. Hesab edirik ki, “Onlayn davamiyyət” şagird və valideynlərin bu sahədə məsuliyyətini artırmaqla, şagirdlərimizin dərsə davamiyyətinin daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.