24 dekabr 2016-cı il tarixdə 2015-2016-cı dərs ili üçün IX sinif buraxılış imtahanlarının nəticələri əsasında hazırlanmış reytinq cədvəli Sumqayıt şəhər Təhsil Şöbəsi şurasının ümumi yığıncağında geniş müzakirə edilmişdir.
Məsələ haqqında şöbənin aparıcı məsləhətçisi Ramin Abasov arayışla çıxış etmişdir. Bildirilmişdir ki, buraxılış imtahanlarının nəticələrinə əsasən Təhsil Nazirliyi tərəfindən hazırlanan bu reytinq cədvəli pedaqoji kollektivlər arasında sağlam rəqabət yaratmaqla yanaşı, nəticələrin daha da yaxşılaşdırlmasına, müəyyən olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasına təkan verir. Müzakirə zamanı reytinq cədvəlinin hazırlanma metodikası bir daha izah olunmuş, xüsusi mənfi və müsbət çəki əmsallarının müəyyən edilərək, məktəblərin keyfiyyət göstəricilərinin daha qabarıq verildiyi vurğulanmışdır.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin əməkdaşı Elsevər Vəliyevin də iştirak etdiyi iclasda, ekranda slaydlar vasitəsilə hər bir məktəbin reytinq balı, respublika və şəhər üzrə sıralamadakı yeri, əvvəlki illərlə müqayisədə inkişaf dinamikası ətraflı təhlil olunmuş, ümumi reytinq balı aşağı və mənfi dinamikaya malik olan 9 məktəb direktoruna xəbərdarlıq edilmiş, nəticələrin yaxşılaşdırılması, qarşıdakı buraxılış imtahanına daha ciddi hazırlıq üçün müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.
Reytinq cədvəli ilə bu linkdən tanış ola bilərsiniz: http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/reytinq_9.pdf