12.12.2016

IX siniflərdə dərs deyən ana dili və riyaziyyat müəllimləri üçün seminar keçirilmişdir

 

9 dekabr tarixində şəhərin 22 nömrəli tam orta məktəbinin akt zalında IX siniflərdə dərs deyən ana dili və riyaziyyat müəllimləri üçün seminar təşkil olunmuşdur. Cari dərs ilində IX siniflərdə buraxılış imtahanlarının yeni model əsasında keçirilməsinə həsr olunmuş bu yığıncaqda şəhərin ümumtəhsil məktəblərində çalışan 250-dən çox ana dili və riyaziyyat müəllimi iştirak etmişdir.

Seminar zamanı müəllimlərə bildirilmişdir ki, şagirdlərimizin buraxılış imtahanına daha yaxşı hazırlığını təmin etmək məqsədilə ilk növbədə onlara, həmçinin valideynlərə IX siniflərdə aparılacaq yeni formalı imtahanın həm məzmunu, həm mexanizmi izah olunmalı, maarifləndirmə işi təşkil edilməli, eləcə də həmin məzmuna uyğun sınaqlar həyata keçirilməlidir.

Yeni qaydalara əsasən, IX sinif üzrə buraxılış imtahanının iki mərhələdə keçiriləcəyi və birinci mərhələdə şagirdlərə ana dili fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı  təqdim ediləcəyi xüsusi vurğulanmışdır. Həmçinin bildirilmişdir ki, şagirdlərin birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında yazacaqları inşanın qiyməti ümumi orta təhsil haqqında fərqlənmə sənədinin verilməsi üçün nəzərə alınacaq.

Daha sonra seminarda V-IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlara, imtahan proqramına, yeni tapşırıq formalarına, tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına konkret nümunələrlə aydınlıq gətirilmiş, müzakirələr aparılmışdır.   

Yeni qaydalarla daha ətraflı tanış olmaq məqsədilə müəllimlərə “Abituriyent” jurnalının xüsusi buraxılışını əldə etmək tövsiyə olunmuşdur.

Seminarın slaydları, həmçinin fənlər üzrə qiymətləndirilicək alt standartlar əlavə edilir.

http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/9_seminar_slayd.pdf

http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/alt_standartlar.pdf