30.04.2018

"Kitab abidələri" haqqında

Azərbaycan Respublikası Təhsil Nazirliyindən Sumqayıt Şəhər  Təhsil Şöbəsinə 05-08-665/13 nömrəli 16.04.2018-ci il tarixli məktub daxil olmuşdur.

Məktubda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007- ci il 11 aprel tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxana-informasiya sahəsi üzrə peşəkar mütəxəssislərin iştirakı ilə unikal və nadir nüsxəli kitabların, xüsusi əhəmiyyətli çap məhsullarının, əlyazmaların və digər raritet nəşrlərin (“kitab abidələri”nin) müəyyən edilməsi, qeydiyyata alınması və onların reyestrinin aparılması işinin ilk mərhələsi həyata keçirilmişdir.

Kitabxanalarda (o cümlədən şəxsi kitabxanalarda), şəxsi kolleksiyalarda olan nadir və qiymətli nəşrlər, xüsusi kolleksiyalar barədə məlumatların dəqiq və sistemləşdirilmiş şəkildə reyestrdə əks olunması üçün müvafiq kateqoriya üzrə meyarların və vahid qeydiyyat formalarının müəyyən edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Kitab abidələri” haqqında Əsasnamə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanının davamlı olaraq icrasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikasında mövcud olan bütün “kitab abidələri” haqqında məlumatların yenidən dəqiqləşdirilməsi, onların tam və müfəssəl formada vahid bazada təmərküzləşməsi üçün “kitab abidələri” reyestrinə daxil olan nəşrlərin və əlyazmaların yenidən inventarizasiyasının aparılması işi davam etdirilməlidir.

Təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq “Kitab abidələri”nin fonduna aşağıdakılar daxil edilməlidir.

-  əlyazmalar, yüksək poliqrafik səviyyədə hazırlanmış kitablar, digər növ nəşrlər (Azərbaycan və xarici), yüksək estetik və sənəd keyfiyyətləri olan, habelə xüsusi elmi, tarix-mədəni əhəmiyyət kəsb edən kolleksiyalar;

-  bibliofil, avtoqraflı, görkəmli şəxsiyyətlərin xüsusi qeydləri olan, habelə əl ilə yüksək bədii üslubla işlənmiş nəşrlər;

-  vaxtilə qadağan edilmiş, müsadirə olunmuş, habelə senzuradan keçməyən nəşrlər və əlyazmalar;

-  müəlliflərin sağlığında çap edilmiş nəşrlər;

-  toplayanların sosial statusundan asılı olmayaraq çox görkəmli, zəngin bibliofil kolleksiyalar;

-  nömrələnmiş bibliofil nümunələri;

-  qiymətli tematik külliyatlar;

-  milli repertuarı tam həcmdə əks etdirən dövri mətbuat arxivləri;

-  cəmiyyətin tarixi və mədəni inkişafının mühüm hadisələri, xalqları, əraziləri, mövzuları əks etdirən dünyəvi və dini kitab kolleksiyaları;

-  şəxsi kitabxanalar, görkəmli dövlət, ictimai, elm və mədəniyyət xadimləri tərəfindən formalaşdırılan, onların peşə maraqlarını, əlaqələrini, yaradıcılığını əks etdirən kolleksiyalar;

-  toplayanların sosial statusundan asılı olmayaraq çox maraqlı bibliofil kolleksiyaları.

Bununla əlaqədar olaraq qeyd olunanları təmin etmək məqsədilə rəhbərlik etdiyiniz təhsil müəssisələrinin kitabxanalarında “Kitab abidələri” fonduna aid edilən və yuxarıda qeyd olunan parametrlərə cavab verən kitabların olub-olmaması barədə məlumatın, eləcə də olduğu təqdirdə bu məktuba əlavə olunan formaya uyğun olaraq doldurularaq Təhsil Şöbəsinə rəsmi məktubla yanaşı (Gülbahar Haqverdiyevaya), gunel.teymuran@mail.ru elektron ünvanına göndərməyiniz xahiş olunur.

Qoşma: 1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş “Kitab abidələri” haqqında Əsasnamə;

2. “Kitab abidələri”nə aid edilən şəxsi kolleksiyalarda saxlanılan nəşrlərin qeydiyyat forması.

http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/qeydiyyat_formasi.pdf

http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/kitab_abidesi_esasname.pdf