Sumqayıt 1949-cu ildə şəhər statusu almışdır. 1949-1952-ci illərdə Sumqayıt Xalq Maarif Şöbəsi Bakı şəhər Xalq Maarif Şöbəsinin tabeliyində fəaliyyət göstərmişdir. 1952-ci ildə Sumqayıt Xalq Maarifi Şöbəsi yaradılmış və Bakı Xalq Maarif Şöbəsindən ayrılmışdır.

1952-1962-ci illər Sumqayıtın maarif sistemində1, 2, 3, 5, 7, 8, 9, 10, 12, 13, 14, 15, 16, 17 nömrəli məktəblər və 1 nömrəli internat məktəb fəaliyyət göstərmişdir. Onların arasında öz qədimiliyi ilə fərqlənən Corat kənd məktəbi (indiki 7 nömrəli məktəb) olmuşdur. 1998-ci ildə özünün 100 illiyini təntənə ilə qeyd edən bu məktəb ölkəmizin ilk məktəblərindən sayılır. 42 nömrəli məktəb 1931-ci ildə ibtidai məktəb kimi Tuğ zavod ərazisində fəaliyyətə başlayıb. Hazırki Təbiət Elmləri Təmayüllü Gimnaziya 1946-cı ildə Bakının 145 nömrəli məktəbi kimi, sonralar isə 2 nömrəli səkkizillik məktəb kimi, 16 nömrəli məktəb 1961-ci ildə internat, 1967-ci ildən isə orta məktəb kimi fəaliyyətə başlamışdır. 

Ötən dövrdən hal-hazıra kimi şəhərdə təhsil sahəsi inkişaf etmiş, ümumtəhsil məktəblərin sayı 50-yə çatmışdır. 2015- 2016-cı dərs ilində rayonun məktəblərində 1870 sinif komplektində 46866 nəfər şagird təhsilə cəlb edilmişdir. Bu qədər şagirdin təlim-tərbiyəsi ilə 4072 nəfər müəllim məşğul olur. ŞTŞ nəzdində 8 məktəbdənkənar müəssisə və 56 uşaq bağçası fəaliyyət göstərir.